Şəki İpək kombinatının əmək kollektivi adından Azərbaycan Respublikasının Milli Məclisinə müraciət

Dərc edildi:
Şərhlər 1


Şəki ipək kombinatının baramaaçan istehsalatı

Hörmətli sədr, hörmətli sədr müavinləri, hörmətli millət vəkilləri.

Bildiyiniz kimi, Şəki şəhəri yaxın keçmişdə dünyanın ən böyük toxuculuq sənayesi mərkəzlərindən biri hesab olunurdu. Sovet dövründə yalnız bir Şəki İpək kombinatı ilə kombinatın Şəki şəhərindəki filiallarında 7 min nəfərə yaxın işçi çalışıb. 2017-ci ildə isə bütün Şəki rayonu üzrə sənaye sahəsində işləyənlərin sayı cəmi 1715 nəfər olub. İndi Şəki şəhərində fabrik-zavodlar işləmir, onlardan bəziləri sovetdən qalanlardırsa, uçub dağılıb, içindəki avadanlıqlar isə heç nəyə yaramırsa, bəziləri təzədir və modern avadanlığa malikdir, amma işləmir, yəqin ki işləməsinə imkan verilmir. Nəticədə iş yerləri azalır, işləyənlərin sayı da o cümlədən.

İşsizlərin sayı isə bildiyiniz kimi iki cür hesablanır: birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata düşən adamların sayıdır, hansı ki açıq-aydın məlumdur ki, işsizlərin böyük əksəriyyəti işsiz kimi qeydiyyatdan keçməkdə maraqlı deyil, ən əvvala ona görə ki, aidiyyəti olan orqan işsizləri işsiz kimi qeydiyyata almaqda maraqlı deyil, sonrası isə işsizlərin əksəriyyəti üçün işsiz kimi qeydiyyata düşmək onlara heç nə vermir, buna görə də təkid də etmirlər. İkincisi isə Dövlət Statistika Komitəsi tərəfindən Beynəlxalq Əmək Təşkilatının (BƏT) kriteriyaları əsasında sorğu yolu ilə hazırlanır. Hansı ki bu daha doğru hesabatdır və bu hesabata görə Azərbaycanda işsizlərin sayı 252 min nəfərdən çoxdur. Bu nöqteyi-nəzərdən Şəki şəhərində isə işsizlərin sayı 10 mindən də çox olmalıdır.

Lakin yeni qüvvəyə minmiş «Məşğulluq haqqında» 29 iyun 2018-ci il tarixli 1196-VQ nömrəli Azərbaycan Respublikası Qanununun şərtlərinə əsasən bütün Şəki rayonu üzrə bu gün cəmi 14 nəfər işsizlik sığortası ala bilir.

Hal-hazırda Şəki ipək kombinatı demək olar ki işləmir, yüzlərlə işçisi ödənişsiz məzuniyyətdə idi. Ödənişsiz məzuniyyət aylarla davam edib, hətta illərlə uzanıb. İşçilərin sayını ixtisar etmək lazım olduqda isə işçidən tələb edilir ki, öz xahişi ilə işdən çıxsın. Əks-halda «işdə yol verdiyi nöqsanlara» görə və s. bəhanələrlə işdən azad edilə bilərdi. Hər iki halda onun sonra işsizlik sığortası almaq hüququ olmur.

Müdriyyət «Şəki-İpək» ASC-nin işçilərindən tələb edir ki iki ərəzə yazsınlar, biri öz xahişi ilə «Şəki-İpək» ASC-dən azad olunmaq barədə, o biri isə «Şəki-İpək» ASC-nin yerində yaradılmış «Azəripək» MMC-yə işə qəbul olunmaq barədə. Tələb olunan ərizələri yazıb müdriyyətə təqdim edənlər dərhal işdən azad olunsalar da əksəriyyəti «Azəripək» MMC-yə işə götürülməyib. İşə götürülməyənlərin isə işsizlik sığortası almaq hüququ yoxdur, çünki öz ərizələri ilə işdən çıxıblar.

İpək kombinatının aylarla, illərlə ödənişsiz məzuniyyətdə saxlanılmış işçiləri rəsmən işsiz hesab edilmirlər. Hörmətli sədr, hörmətli sədr müavinləri, hörmətli millət vəkilləri, bəs bu adamlar nə yeməlidir, nə içməlidir? Lap işdən çıxdı, işsiz kimi qeydiyyata düşdü, onda nə yeyib, nə içməlidir? Uşaqlarına nə verməlidirlər? Şəki Rayon Məşğulluq xidməti son üç ay ərzində cəmi bir nəfəri işlə təmin edə bilib, boş iş yeri yoxdur.

Xahiş edirik, «Məşğulluq haqqında» 29 iyun 2018-ci il tarixli 1196-VQ nömrəli Azərbaycan Respublikasının Qanununa bütün işsizlərin sosial təminatı və həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı əlavə bəndlər də daxil edəsiniz, hansı ki hazırki versiyada bu yoxdur.

Yeri gəlmişkən onu da nəzərinizə çatdırmaq istəyirik ki, Şəki ipək kombinatının bugünkü durumu və əmək kollektivinin işsiz qalması heç də xammal çatışmamazlığı ilə bağlı deyil. Düzdür, yaxın keçmişdə xammalla bağlı boşdayanmalar olmuşdu, amma son illərdə cənab Prezidentin diqqət və qayğısı sayəsində kombinatın xammal təminatı xeyli yaxşılaşıb. Buna baxmayaraq, bu gün kombinatın baramaaçan istehsalatında gündə cəmi 50 kq ipək istehsal edilir, 2012-ci ildə burada 650 nəfər işləyirdisə, bu gün cəmi 50 nəfər işləyir. Bu sürətlə, bu il tədarük olunmuş baramanı yalnız 3 ilə emal edib qurtara bilərlər. Bunun iqtisadi nöqteyi-nəzərdən heç bir izahı yoxdur. Kombinatda sovet dövründə ayda 15 min ədəd güllənmiş, son illərdə ayda 15 min ədəd xam kələğayı istehsal edildiyi halda, indi bütün il ərzində cəmi 15 min ədəd kələğayı istehsal edilməsi, yerdə qalan ipəyin isə satılması planlaşdırılıb. Elə buna görə də kombinatın burucu sexi və toxucu istehsalatı da işləmir, 250 nəfər işsiz qalıb. Bunun da iqtisadi nöqteyi-nəzərdən heç bir izahı yoxdur. Ölkənin hər yerində xalça sexləri açıldığı bir vaxtda, 4-5 ildir ki kombinatın xalça sexinin fəaliyyəti də dondurulub, bir 40 nəfər də belə işsiz qalıb. Bunun da iqtisadi nöqteyi-nəzərdən heç bir izahı yoxdur. Belə çıxır ki, kimlərsə kombinatın işləməməsində, işçilərin işsiz qalmasında, iqtisadiyyatımızın çökməsində maraqlıdırlar. Onu da əlavə edək ki, ipək sənayesi on illər ərzində, böyük zəhmət və fədakarlıq sayəsində formalaşır. Bunu bir ilə, iki ilə, üç ilə yaratmaq mümkün deyil. Və nə qədər ki kombinatda bu sahə üzrə sovet dövründə yetişmiş ixtisaslı kadrlar, mütəxəssislər var, onların təcrübəsindən yararlanmaq və ipək sənayesini yaşatmaq mümkündür. Bir-iki ildən sonra isə artıq gec olacaq.

Əvvəlcədən tşəkkür edirik.

Şəki İpək kombinatı əmək kollektivinin xahişi ilə müraciəti hazırladı: Aydın Məmmədov, «İpəkçi»-«Şəkinin səsi» qəzetlərinin baş redaktoru.

Həmçinin, bax: >>

Dərc edən:

Şərhlər

  1. Bu müraciətə həmrəy olduğumu bildirirəm ! Axır ki, millətimizin birlik əlaməti görünməyə başladı. “Bir olaq , diri olaq, iri olaq” ! ( Rəcəb Tayyub Ərdoğan )

Bu yazı üçün şərh yazma müddəti bitdi.

 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2018, ASIS PRODUCTION.

© 2007 - 2018, IPEKCHI.INFO.