"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin 15 oktyabr müşavirəsi və...

Dərc edildi:

9 oktyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında toxunulan məsələlərin müzakirəsi üçün «Azərbaycan Sənaye Korporasiyası» ASC 15 oktyabrda öz müşavirəsini keçirmişdir.

Müşavirə barədə AZƏRTACCBC TV-nin ayrı-ayrılıqda hazırladıqları süjetlər istisna olmaqla digər rəsmi KİV-də heç bir məlumat getməyib. Yalnız AZƏRTAC tərəfindən «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru Kamran Nəbizadəyə istinadən kiçik xəbərlər hazırlanmış və eyni gündə müxtəlif başlıqlar altında AZƏRTAC-ın saytında dərc olunmuşdur. Həmin xəbərlərin məzmunu aşağıdakı kimidir:

Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 4 dekabr tarixli Fərmanı ilə ASC-nin mülkiyyətinə keçəcək əmlakın bazar qiyməti müəyyənləşdirilib. Belə ki, əmlakın bazar qiyməti 668 milyon manat təşkil edir. Bunun isə 530 milyon manatı artıq korporasiyanın nizamnamə fonduna təqdim olunub.

Hazırda «Azəralüminium» zavodunda 50-55 min ton külçə və listlər hazırlanır. Məhsulların çeşidini artırmaq üçün yeni strategiya hazırlanır, bu işə xarici mütəxəssislər cəlb edilib. Gəncə Gil-torpaq zavodunun inkişafı, gələcəkdə anot bloklarının istehsalı zavodunun yaradılması, istehsalın 100-110 minə çatdırılması qarşıda qoyulan hədəflərdəndir.

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tütünçülüklə bağlı da qarşıya mühüm vəzifələr qoyub. Bu il ümumilikdə 6 min ton tütün istehsalı nəzərdə tutulub ki, bunun da 50 faizi “Azərtütün” MMC-nın üzərinə düşür. “Azərtütün” MMC olaraq 3 min ton tütünün tədarükü hədəf götürülüb və 2387 hektar ərazidə tütün əkilib və buradan 2800-3000 quru tütünün əldə olunması nəzərdə tutulub.

“Azərpambıq” MMC-nin istehsal etdiyi pambıq Azərbaycanda yığılan pambığın 30-35 faizini təşkil edir. Bu il 29 min hektar sahədə əkin aparılıb və 60 min tona yaxın xam pambıq yığılacaq.

“ASK Şüşə” MMC bu il 60 milyon ədədə yaxın şüşə məhsulu istehsal edəcək. MMC-nin fəaliyyətdə olan 1-ci sexinin ikinci xəttinin quraşdırılması ilə bağlı iş gedir. Bu ilin sonu gələn ilin əvvəllərində ikinci xətt istifadəyə veriləcək. Bununla da “ASK Şüşə” tərəfindən 100 milyona yaxın şüşə istehsalı nəzərdə tutulub. Daha sonra isə ikinci yeni sex qurulacaq və burada da rəngli şüşə istehsal olunacaq. Rəngli şüşə istehsalı ildə 75-80 milyon ədəd olacaq və ümumilikdə MMC tərəfindən şüşə istehsalı 160-170 milyona çatdırılacaq.

Məlumat üçün əlavə edək ki, müşavirədən 3 gün əvvəl – 11 oktyabrda, Şəki İpək kombinatının əmək kollektivi adından
müraciəti şəxsən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbliyə təqdim etmişdik. Hadi Rəcəbli isə müraciəti «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin baş direktoru Kamran Nəbizadəyə yönəlti və deputat həmkarından xahiş etdi ki, son dövrlərdə Şəki ipək kombinatında baş verməkdə olan kütləvi ixtisarların, işçilərin əmək hüquqlarının pozulmasının qarşını alsın. Kamran Nəbizadənin Şəki ipək kombinatının baş direktoru Nizami Qəribova nə deməsi barədə hələlik məlumat əldə edə bilməmişik…


«Azərbaycan Sənaye Korporasiyası» ASC-nin 15 oktyabr müşavirəsi; sağdan:
Teymur Musayev, Müzəffər Umarov…

«Azərbaycan Sənaye Korporasiyası» ASC-nin mülkiyyətində olan Şəki ipək kombinatından müşavirədə kombinatın baş direktoru Nizami Qəribov, baş direktorun müşaviri Teymur Musayev və maliyyə direktoru Müzəffər Umarov iştirak ediblər.

Baş direktorun müşaviri Teymur Musayevlə telefon əlaqəsi saxlayaraq müşavirədə Şəki ipək kombinatı haqqında hansı fikirlərin səsləndiyini öyrənmək istədik. Lakin Teymur Musayev bildirdi ki müşavirəyə geçikdiyindən kombinat və ipəkçilik haqqında çıxışları dinləyə bilməyib. Maliyyə direktoru Müzəffər Umarovdan isə heç nə soruşmadıq, şoruşsaydıq səmimi adam olduğu üçün etiraf edəcəkdi ki, ASK-nın icazəsi olmadan heç nə danışa bilməz. Nizami Qəribovun isə qanının qara olduğunu, yüzlərlə işçini çörəyə möhtac qoyduğu üçün yavaş-yavaş vicdan əzabı çəkməyə başladığını və tez-tez sələflərinin aqibətini xatırladığını bildiyimizdən onu suallarla narahat etmək istəmədik.

Həm də təxminən bilirik ki, «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin bu müşavirəsində də 7 fevral müşavirəsində olduğu kimi ipəkçilik və Şəki ipək kombinatı haqqında yalnız reallıqdan uzaq, qeyri-peşəkar fikirlər səsləndirilə bilər (Bax: Şəki ipək kombinatının mövcud durumu Azərbaycan Sənaye Korporasiyası ASC-nin müşavirəsində müzakirə edilib >>) .

Hal-hazırda Şəki ipək kombinatının durumu ağır olaraq qalır. Yalnız baramaaçan istehsalatında 150 nəfər işləyir, kifayət qədər xamal olmasına baxmayaraq kombinatın pambıq əyirici, burucu, xalça sexləri, toxucu istehsalatı o cümlədən un dəyirmanı işləmir, 400-ə yaxın iş yeri bağlanıb. Baramaaçan istehsalatında əldə olunan ipəyin isə xaricə satılması nəzərdə tutulub. Subsidiya ilə birlikdə bu il ipəkçiliyə və ipək sənayesinə 7 milyon manat vəsait yatırıldığı halda, əldə olunacaq ipəyi xaricə satmaqla yalnız 3 milyon manatı geri qaytarmaq olar, 4 milyon manat isə təmiz itkidir!

Bu arada Şəki ipək kombinatının mühəndis-texniki işçiləri «Azərbaycan Sənaye Korporasiyası» ASC-yə təkliflə müraciət etmək üzərində düşünürlər. Təklif konkret olaraq belədir:

Kombinatı işlədə bilmirsinizsə, işiniz ixtisarlardan, boşdayanmalardan və itkilərdən ibarət olacaqsa, bir qəpik qazanc ortaya qoya bilməyəcəksinizsə zəhmət olmasa kənara çəkilin, özümüz işlədək!

Dərc edən:

 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2018, ASIS PRODUCTION.

© 2007 - 2018, IPEKCHI.INFO.