Şəki ipək kombinatına elektrik verilişi niyə dayandırılmışdı?

Dərc edildi:


Şəki ipək kombinatının idarə binası

Bu gün elektrik enerjisinə olan borc səbəbli Şəki ipək kombinatına elektrik verilişi dayandırılmışdı. Günün ikinci yarısında isə borc ödənilib və kombinata elektrik verilişi bərpa olunub.

Şəki ipək kombinatı bir ildir ki “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə keçib.

Kombinatın “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mülkiyyətinə keçməsindən sonra yüzlərlə işçi aldadılaraq «öz xahişləri ilə» işdən azad ediliblər, nəticədə nəinki hansısa kompensasiyanı almaq hüququndan, həm də işsizlik sığortası almaq hüquqlarından da məhrum ediliblər.

Kifayət qədər xammal olmasına baxmayaraq kombinatın toxucu istehsalatı, burucu sexi, un dəyirmanı, xalça sexi uzun müddətdir, pambıqəyirici sexi isə oktyabrın 3-dən fəaliyyətsizdir. Yalnız baramaaçan istehsalatı işləyir ki burada da hal-hazırda işçilərin sayı cəmi 150 nəfərdir. Müqayisə üçün qeyd edək ki 2012-ci ildə bu istehsalatda 650 işçi olub.

Məlum olduğu kimi bu il ölkədə 514 tona yaxın yaş barama yetişdirilib və bütün məhsul Şəki ipək kombinatına satılıb.

Kombinat rəhbərliyi və “Azərbaycan Sənaye Korporasiyası” ASC Şəki ipək kombinatının işləməsində maraqlı deyillər. Əldə olunmuş və olunacaq ipəyi maya dəyərindən aşağı qiymətə xaricə satmaq yolunu seçiblər.

Azərbaycanda istehsal olunan 1 kq ipəyin maya dəyəri subsidiya ilə birlikdə 130 manatdır. Dünya bazarında isə Azərbaycan ipəyini ən yaxşı halda 50 $-a satmaq olar, bu isə edir 85 manat, maya dəyərindən 45 manat aşağı. Onu da nəzərə alın ki bu gün dünya bazarında ən keyfiyyətli Çin ipəyinin qiyməti belə heç 50 $-a çatmır, biz dünya bazarına 20/22D markalı ipək çıxarsaq Çin ipəyindən ucuz, Türkmənistan ipəyindən isə baha dəyərləndirilə və 44 $-a satıla bilər.

Dünya bazarında bu gün 20/22D markalı Çin ipəyinin qiyməti 46-48 $-dır; eyni markalı Vyetnam ipəyi 44-46 $-a, Tailand ipəyi 45 $-a, Özbəkistan ipəyi 43-45 $-a, Hindistan ipəyi 38-42 $-a, Türkmənistan ipəyi isə 38-40 $-a satılır.

Şəki ipək kombinatından xaricə (Türkiyəyə) satılacaq ipəyin birinci partiyası hələ göndərilməyib, lakin behi alınıb və bu gün həmin behlə elektrik enerjisinə olan borc ödənildi.

Pambıqəyirici sexin işləməsi üçün kifayət qədər xammal (mahlıc) var, lakin konus (mağara) qurtardığına görə sex bir aydır ki işləmir. Son məlumatlara görə konus almaq üşün müəssisə 10-15 min manat pul tapa bilmir. Boşdayanma azı 50 nəfəri işsiz qoymaqla yanaşı, ölkə iqtisadiyyatına da zərbə vurur.

Bu arada kombinatın bir qrup mühəndis-texniki işçisi müdriyyətə və “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə təkliflə müraciət etmək fikrinə düşüblər ki «kombinatı işlədə bilmirsinizsə, çəkilin kənara, özümüz işlədək» .

O cümlədən, «İpəkçi» qəzetinin redaksiyası da öz növbəsində kombinatın baş direktoruna məktub göndərdi ki, başqasına satacağınız bütün ipəyi, hər kq-a 1 manat artıq ödəməklə sizdən satın almaq istəyənlər var, fəaliyyətsiz qoyduğunuz istehsalat və sexləri işlətmək istəyənlər var, – mümkünsə, münasibətinizi bildirin.

Onu da əlavə edək ki əvvəlki illərdə kombinatda ayda 15 min ədəd xam kələğayı toxunmuşdu və bizdə olan məlumata görə bunlar maya dəyərindən aşağı qiymətə İrana satılmışdı, amma hər ədədə görə azı 1 manat şapka ilə. Biri ayda kəlağayıdan 15 min manat qazanc götürsün deyə dövlət ziyan edib, müəssisə müflis olub. İndi ipək satışında da eyni vəziyyət təkrar oluna bilər. Kimsə hər kq-a görə 3 manat şapka götürmək fikrinə düşə bilər, 50 ton ipəkdə isə bu onun üçün 150 min manat «qazanc» deməkdir. Dövlət itirəcək, müəssisə müflis olacaq, maaşlar verilməyəcək, borclar yaranacaq, elektrik kəsiləcək, yalnız ona görə bunlar baş verəcək ki kimsə 150 min qazansın.

İqtisadçı ekspert Hafiz Babalı «İpəkçi»-yə bildirdi ki, tender haqqında «qanun minimum 5000 manat satınalmaları tənzimləyir. Satmağa gəlincə, burada qanunvericilik susur. Burada yalnız tövsiyə vermək olar. Məsələn, yaxşı olar ki, şəffaflıq naminə və sui-istifadələrin qarşısını almaq üçün bu kimi malları dövlət şirkətləri hərrac yolu ilə satsın. Amma çətin…» .

Dərc edən:

 

ILK-10



Ipekchi

E-mail:

editor@ipekchi.info.

Telefon:

+994 55 793 23 83.

© 2007 - 2018, ASIS PRODUCTION.

© 2007 - 2018, IPEKCHI.INFO.